Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəHekayəmizLayihələrKitabı əldə edinKitabxanasıŞəbəkə

SSRİ-nin dağılması ətraf mühit üçün ən faydalı hadisə idi

Vincent Geloso
14 avqust 2023

Sovet İttifaqının iqtisadi tarixi haqqında oxusanız, kənd təsərrüfatı sahəsində “özəl” sektora çox az yer verildiyini müşahidə edəcəksiniz. Əkin sahəsinin 3%-ni əhatə edən kiçik fərdi təsərrüfat sahələri kartof, tərəvəz, ət, süd və yumurta istehsalının 39-66%-ni təşkil edirdi. Ərazinin yerdə qalan hissəsi və istehsal olunan məhsul dövlətə və yaxud kolxozlara məxsus idi. Bu, dövlət sektoru ilə müqayisədə özəl sektorun səmərəliliyinin alternativsiz olduğunu sübut etmək üçün istifadə olunurdu. Bununla belə, SSRİ-nin hətta şəxsi təsərrüfatları da digər ölkələrlə qarşılaşdırılıqda səmərəlilik baxımından geridə qalırdı .

SSRİ dağıldıqda kənd təsərrüfatı istehsalı da çökdü. Qərbdən ərzaq idxalı kəskin şəkildə artmışdı. Bir alimin vurğuladığı kimi, “xam və emal edilmiş xarici ərzaq məhsulları Rusiya bazarını ələ keçirdi.” Hektarlarla əkin sahəsi tərk edildi və birbaşa ekoloji fayda hesab edə biləcəyimiz meşələr və bitkilər tərəfindən bərpa edildi.

Bununla belə, burada dolayı təsir də mövcud idi. Meşələrin və ot bitkilərinin çoxalması karbon sekvestrasiyasına şərait yaradır. Meşələrin çoxalması vasitəsilə karbon sekvestrasiyası, böyüyən ağacların atmosferdən karbon qazını udub fotosintez yolu ilə onu biokütləyə çevirən və onu toxumalarında saxlayaraq, istixana qazlarının təsirini zəiflədən, habelə iqlim dəyişikliyini azaltmağa kömək edən bir prosesdir. Keçmiş SSRİ-də tərk edilmiş torpaqların miqyası o qədər böyük idi ki, hətta bəzi alimlər bunun kontinental və qlobal karbon büdcəsinə təsir edəcək qədər yüksək olduğunu iddia edirlər. Mahiyyət etibarilə, bu, qlobal istixana qazı emissiyalarındakı artımın təsirlərini qismən zəiflədən karbon rezervuarına (atmosferdən karbon qazını udmaq qabiliyyətinə sahib olan meşə, okean və ya digər təbii mühit) gətirib çıxardı.

Bu rezervuar nə qədər böyüklükdə idi? Bir araşdırma göstərir ki, 1990-2017-ci illər arasında Rusiya, Belarusiya və Ukraynada karbon udulması 1 gigaton karbon təşkil etmişdir. Yalnız Rusiya və Qazaxıstana istiqamətlənmiş başqa bir araşdırmada da bənzər nəticələr ortaya çıxdı və “Rusiya və Qazaxıstanda mövcud qalıq yanacaq emissiyalarının hər il təxminən müvafiq olaraq 36 və 49 faizini kompensasiya etmək” üçün yetərli olduğuna işarə edərək onun əhəmiyyəti haqqında fikir irəli sürüldü.

Bu nisbətlər SSRİ-nin dağılmasının iqlim dəyişikliyinin təsirini azaltmaq üçün inanılmaz dərəcədə asan “siyasət” olduğunu göstərir. Əslində, təsirin azaldılmasının özü iqtisadi inkişaf üçün xərcdən daha çox fayda idi (yəni, təsirin azaldılması siyasətləri indi artıq yalnız daha az çirklənmənin faydası ilə ölçülən böyük xərclər tələb edir). Sovet ölkələrindəki gəlir statistikası ümumiyyətlə kommunist ölkələrində xarakterik olacaq şəkildə şərtləri çox şişirtməyə meyilli idi, belə ki, dağılmadan sonra çöküş o qədər də nəzərə çarpmadı və bərpa edildi. O vaxtdan bəri həyat standartları əvvəlki səviyyələrini aşdı. Beləliklə, çöküş çox güman ki, iqtisadi inkişafa təkan verdi və iqlim dəyişikliyinin təsirlərini azaltdı.

Və budur sizin üçün əlavə nikbinlik dozası: bu, yenidən baş verə bilər!

Yaxşı, Sovet İttifaqı təkrar dağılmayacaq. Bununla belə, torpaqdan həddindən artıq istifadəni təşviq edən yüzlərlə kənd təsərrüfatına dəstək siyasəti mövcuddur. Əslində, müxtəlif kənd təsərrüfatı fəaliyyətlərinə yönəlmiş istehsalçı dəstəyi ilə əlaqədar OECD məlumatlarını nəzərdən keçirək. Dövlət dəstəyinin səviyyəsi yüksəkdir və artmağa davam edir. Bu dəstək tədbirlərinin aradan qaldırılması kənd təsərrüfatı firmalarının üsullarını dəyişdirmək və daha az torpaqdan istifadə etmək məcburiyyətində qalacağı demək olardı. Bu, vergi mükəlləflərini dəstək tədbirlərinin xərclərindən xilas etməyin əlavə faydası ilə birlikdə, SSRİ-nin dağılmasından sonra baş verənlərin təkrarlanmasına şərait yaradacaqdı.

Əslində, eyni OECD məlumatları da Avropa dövlətlərinin heyvandarlığı digər sektorlara nisbətən daha çox təşviq etməyə meyilli olduğunu göstərir. Nəticə, bu növ kənd təsərrüfatından digər növlərə nisbətən daha çox məhsul əldə etməkdir – bu növ qlobal istixana qazı emissyalarının böyük bir hissəsini təşkil edir (xüsusilə onların təmin etdiyi kalorilərlə müqayisədə). Subsidiyaların aradan qaldırılması, vergi mükəlləflərinin səmərəsiz istehsalçıları dəstəkləmək məcburiyyətindən xilas etməklə yanaşı, onları xüsusilə çirkləndirici fəaliyyət formasından çəkindirəcək.

Bütün bunlar bəsit bir dərsdir. İqlim təsirinin azaldılmasına dair bütün siyasətlər daha çox dövlət müdaxiləsi və ya dövlətin hüquqi müdafiə vasitəsi deyil. Olduqca təsirli ola bilən bəzi üsullarda yalnız dövlətlərdən geri addım atmaq tələb olunur.

Bu məqalə Vincent GelosoAmerika İqtisadi Tədqiqatlar İnstitunun icazəsi ilə istifadə edilib və "Creative Commons Attribution 4.0 International License" ilə lisenziyalaşdırılıb. Məqalənin orijinalını burada tapmaq mümkündür.