Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəHekayəmizLayihələrKitabı əldə edinKitabxanasıŞəbəkə

Əmrlər, yoxsa razılaşmalar?

Dan Sanchez
3 dekabr 2023

Lüdviq fon Mizesə görə, cəmiyyətin iki tipi

"Sosial əməkdaşlığın iki müxtəlif növü var, - deyə Lüdviq fon Mizes yazırdı, - onlardan biri razılaşmaya (könüllü müqavilə və qarşılıqlılıq prinsipinə), digəri isə hegemonluğa (əmr və tabeçilik münasibətinə) əsaslanır. Ayrı-ayrı fərdləri ya “razılaşmaya əsaslanan əlaqə” və ya “hegemonluq əlaqəsi” birləşdirə bilər.

Bu fərq əksər sosial nəzəriyyəçilər tərəfindən qəbul edilmişdir. "İnsan fəaliyyəti" kitabında Mizes yazır:

[Adam] Ferqyuson bunu döyüşkən ölkələr və ticarət yönümlü ölkələr; [Henri de] Sen-Simon təcavüzkar ölkələrlə sülhsevər və ya sənaye ölkələri; Herbert Spenser fərdi azadlığa malik cəmiyyətlərlə hərbi quruluşla idarə olunan cəmiyyətlər; [Verner] Sombart isə qəhrəmanlar və narkotik alverçiləri arasındakı ziddiyyət kimi təsvir edirdi".

Mizesin qeyd etdiyi kimi, həm marksistlər, həm də nasistlər oxşar ikili sistemlər təklif etdilər. Ayrı-ayrı mütəfəkkirlər sosial variantları fərqli şəkildə qiymətləndirsələr də, onlar dixotomiya və Mizesin dediyi kimi, “üçüncü prinsipin ağlasığmaz və ya mümkünsüz olması" barədə ortaq məxrəcə gəlmişlər.

Əməkdaşlığın bir-birinə zidd olan iki prinsipi, Mizesin izah etdiyi kimi, insanların cəmiyyətdə bir-biri ilə qarşılıqlı əlaqədə olması üçün iki çox fərqli yol yaradır:

"Əməkdaşlığın razılaşmaya əsaslandığı mühitdə əməkdaşlıq edən şəxslər arasında məntiqi əlaqə mütənasib şəkildə qurulur. Onların hər biri fərdlər arasındakı münasibətin tərəfləri kimi çıxış edir. Belə ki, Tom Cona nə cür münasibət bəsləyirsə, Con da Toma qarşı eyni münasibətdə olur".

Hətta əgər “Con” "Whole Foods Market"-in milyoner qurucusu və son vaxtlara qədər şirkətin Baş icraçı direktoru Con Makkeydirsə və “Tom” isə "Whole Foods"-un kassiri olsa belə, varlı işəgötürənlə kasıb işçi arasındakı münasibət yenə də bir-birinə uyğun olacaqdı.

Con könüllü şəkildə Tomun əmək xidmətləri müqabilində ona əmək haqqı, Tom isə öz növbəsində maaş qarşılığında Cona əmək xidmətləri təklif edir. Onların hər ikisi qarşılıqlı şəkildə razılaşıb və istədikləri vaxt razılaşmadan imtina etməkdə azaddırlar. Con istədiyi vaxt Tomu işdən uzaqlaşdıra, Tom isə istədiyi vaxt işdən çıxa bilər. Bütün var-dövləti və şöhrətindən asılı olmayaraq, Con Tomu kassada işləməyə məcbur edə bilməz.

Mizes belə davam edir:

"Əməkdaşlığın əmrə və tabeçilik münasibətlərinə əsaslandığı yerdə əmr edən də olur, həmin əmrlərə tabe olanlar da. Bu iki sinfə aid insanlar arasındakı məntiqi əlaqə qeyri-mütənasibdir. Burada bir idarəçi və onun himayəsində ollan şəxslər var. İdarəçi təkbaşına seçimlər edir və istiqamətləndirir; yerdə qalanlar isə - himayə olunanlar - onun hərəkətlərində sadəcə marionet kukla rolunu oynayır.

Məsələn, Con feodal, Tom isə onun təhkimli kəndlisi olsaydı, ikisi arasındakı münasibət son dərəcə qeyri-mütənasib olardı. Con Tomu onun torpaqlarında işləməyə məcbur edə, eləcə də vergilər və rüsumlar vasitəsilə Tomun mülkünün bir hissəsini ələ keçirə bilərdi. Tomun yeganə seçimi bu ya tələblərə tabe olmaq və ya öldürülmək olardı. Mizesin yazdığı kimi:

“İtaətkarlıq və itaətsizliyin nəticələri arasında seçim məcburiyyətində qalan himayə olunan şəxs birincini seçir və beləliklə, hegemon əlaqəyə cəlb olunur. (…)

Hegemon sosial qurum daxilində və tabeçiliyində olanların davranışlarına rəhbərlik etdiyi müddətdə yalnız idarəçi hərəkət göstərir. Himayə olunanlar yalnız tabeçilik münasibətini seçərkən hərəkət edir, tabe olmağı seçdikdən sonra artıq müstəqil hərəkət etmirlər...”

Amerikalı qurucular və digər klassik liberallar “bərabərliyi” müdafiə etdikdə, onlar bərabər mülkiyyət tələb etmirdilər. Onlar mütləqiyyəti, feodalizmi və quldarlığı ləğv etməyə çalışırdılar. Onlar razılaşmaya əsaslanan əlaqə üçün xarakterik olan fərd münasibətlərinin mütənasibliyini dəstəkləyir, hegemonluq əlaqələri üçün xarakterik olan insan münasibətlərinin qeyri-mütənasibliyinə qarşı çıxırdılar.

Bu cür qeyri-mütənasiblik ədalət hissini alçalda bilər. Lakin hegemon cəmiyyətlər yalnız təhlükəli deyil, həm də fərasətsizdir. Yalnız idarəçi fəaliyyət göstərir və yalnız o düşünür. İnsanlarla mal-qara kimi rəftar etdikdə, onların düşünmə qabiliyyəti məhv edilir. Onların yaradıcılığı, mühakiməsi, bənzərsiz istedadları və regional biliklərindən həyatın bir çox imkanları və problemlərini həll etmək üçün istifadə etmək mümkün olmur.

Yalnız razılaşmaya əsaslanan cəmiyyətlər Culian Saymonun “əsas resurs” adlandırdığı şeydən – insan şüurundan kütləvi miqyasda tam şəkildə istifadə edə bilər. Yalnız mərkəzləşdirilməmiş könüllü əməkdaşlıq insanların yaradıcı töhfələrini koordinasiya edə bilər.

Buna görə də, Mizesin qeyd etdiyi kimi, qabaqcıl sivilizasiya “razılaşma ilə müəyyən edilmiş koordinasiya modelinə uyğun şəkildə əməkdaşlıq edənlərin” nailiyyətidir. Cəmiyyətin döyüşkən və yoxsul barbarizmdən dinc və firavan sivilizasiyaya doğru tarixi tərəqqisi əmrlərin yerini razılaşmalara, məcburi hegemonluğun yerini könüllü uyğunluğa verməsi nəticəsində baş vermişdir.

Bu məqalə "Creative Commons Attribution 4.0" beynəlxalq lisenziyasının şərtləri əsasında Dan Sanchez və İqtisadi Təhsil Fondunun icazəsi ilə istifadə edilib. Məqalənin orijinalını burada tapmaq mümkündür.