Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəHekayəmizLayihələrKitabı əldə edinKitabxanasıŞəbəkə

İqtisadçılara görə, “istehlak” anlayışı

Donald J. Boudreaux
3 mart 2024

Təbii dil ən gözəl ünsiyyət vasitəsidir. Biz insanlar, dildən istifadə edərək, bir beyindəki düşüncələri digərinə ötürmək üçün hava, kağız və piksellərdən şüurlu şəkildə faydalanırıq. Məcazi mənada desək, dil hər birimizə ağlımızdakıları digər insanlara ən yaxşı şəkildə çatdırmaq imkanı verir. Qızardılmış və duzlu incə kartof dilimlərini yeməkdən həzz aldığımı “Mən kartof çipslərini sevirəm” cümləmi oxuyaraq bilirsiniz. Bu cümləni yazmaqla, sizə qəlyanaltının məndə, deyək ki, sevdiyimi söyləməkdən xoşbəxtlik duyduğum oğlumla olan mənəvi bağlılığa bənzər bir emosional bağlılıq yaratdığını bildirdiyim bir an belə ağlınıza gəlmir.

Bəşəri hər şey kimi dil də mükəmməl deyil. Hətta ən mahir söz ustası belə, fikirlərini digər insanlara tam şəkildə çatdıra bilməz. “Mən kartof çipslərini sevirəm” fərziyyəsi bu qüsurun bir səbəbini göstərir: çox vaxt bir söz fərqli, lakin bir-birinə yaxın mənalara malik olur. Mənim kartof çipslərinə qarşı duyduğum “sevgi” ilə oğluma olan “sevgi” arasında müəyyən oxşar cəhətlər var. Həm kartof çipsləri, həm də oğlum həyatımda olduqları üçün xoşbəxtəm; həm karof çipsləri, həm də oğlum mənə uğrunda fədakarlıqlar etməyə hazır olduğum xoşbəxtlik verir. Bununla belə, “mən kartof çipsini sevirəm” dediyimi eşidən heç kəs mənim kartof çipslərinə qarşı hisslərimin oğluma olan hisslərimlə müqayisə oluna biləcəyini və hətta nisbətən az dərəcədə ona bərabər olduğunu zənn etməz.

Təəssüf ki, çoxmənalı sözlərin istifadəsi çox vaxt real anlaşılmazlığa gətirib çıxarır. İqtisadçıların geniş ictimaiyyətə müraciəti zamanı tez-tez belə anlaşılmazlıqlar yaranmaqdadır.

İqtisadçıların bir neçə fikri Adam Smitin “Xalqların Sərvəti” kitabındakı məşhur iddiası qədər anlaşılmazlığa səbəb olur: “İstehlak bütün istehsalın yeganə sonluğu və məqsədidir; və istehsalçının marağı yalnız o hallarda nəzərə alınmalıdır ki, bu istehlakçının maraqlarına xidmət etsin. Bu aforizm o qədər aydındır ki, bunu sübut etməyə çalışmaq absurd olardı”.

İqtisadçı Smitin iddiasına görə, istehlakın bütün istehsalın yeganə sonluğu və məqsədi olması açıq-aşkar ortadadır. Bu iddianın doğruluğunu inkar etmək mənasızdır. Lakin bir çox insan (demək olar ki, iqtisadçı olmayan şəxsləri hamısı) bunu inkar edir. İqtisadçı olmayan şəxslərin iqtsadçılardan bu cür fikir ayrılığı yaşamasının səbəbi “istehlak” sözünün iqtisadçı olmayan şəxslərin ağlında iqtisadçıların düşündüyü mənadan başqa məna daşımasıdır.

İqtisadçıya görə, “istehlak” iqtisadi fəaliyyətin yekun məqsədi kimi müəyyən olunur. Sizin istehlak istəkləriniz həyatdan məmnunluğunuza birbaşa təsir edəcəyini düşündüyünüz hər bir şeydir. “İstehlak malları” da, öz növbəsində, istifadə etməklə istehlak istəklərinizi mütləq şəkildə təmin edəcəyinə inandığınız mallar və ya xidmətlərdir.

Həyat məmnuniyyətini artıran aşkar amillərdən biri müntəzəm olaraq istirahət etmək və yatmaq üçün rahat yerə sahib olmaqdır. Belə ki, bir ev satın alır, yaxud icarəyə götürürsünüz və onu mütləq istifadə etdiyiniz məişət avadanlıqları və mebellə təchiz edirsiniz. Eviniz, avadanlıqlarınız və mebeliniz istehlakçı mallarınız arasındadır. Məsələn, ertəsi gün daha səmərəli işçi olmağa hazırlaşmağınıza, əslində, hər gecə yatdığınız çarpayı kömək etsə də, onu bir vasitə kimi düşünmürsünüz. Siz çarpayını işdəki performansınız artırmaq üçün resurs olaraq satın almamısınız. İş yerində göstərdiyiniz mükəmməl performansınızın digər istehlak malları ilə yanaşı, rahat bir çarpayıya sahib olmağınız üçün vasitə olduğunu söyləmək həqiqətə daha yaxındır.

Elə iki şəxs tapılmaz ki, tamamilə eyni zövqə və seçimlərə sahib olsun. Ola bilsin ki, siz çox geniş çarpayıya üstünlük verirsiniz, lakin mən geniş ölçüdə çarpayını tərcih edirəm. Lakin hər kəs istehlakçı istəklərinə sahibdir. Hər bir insanı iqtisadi fəaliyyətlə məşğul olmağa – yəni işləməyə, mübadilə etməyə sövq edən məhz bu istəklərdir. İş və mübadilə, iş nəticəsində yaradılan və ya mübadilə ilə əldə olunanlardan asılı olmayaraq, birbaşa məmnuniyyəti təmin edə bilər və çox vaxt da edir. Bununla belə, əksər hallarda işləmək və mübadilə etmək, istehlak malları və xidmətlərinin əldə olunması üçün vasitədir.

Özüm də daxil olmaqla, işini sevən bir çox insan tanımışam. Lakin ödənişsiz işləməyə davam edəcək qədər işini sevən birinə heç vaxt rast gəlməmişəm. İnsanların sevdikləri iş belə məqsəd deyil, vasitədir.

Eyni şəkildə, indiki oğlum kimi, babalarım və atam da hobbi olaraq ağac emalı ilə məşğul idilər. Amma mən heç vaxt onların dülgərlik səylərinin yekun fiziki nəticələrinə biganə yanaşdığına şahid olmamışam. Bu adamların hər biri tamamlandıqdan sonra insanı məmnun edəcək şeylər (mətbəxdə kəsmə taxtaları, kitab rəfləri, evin genişləndirilməsi kimi) hazırlamaq üçün çalışırdı. Bu adamların heç biri heç vaxt sırf mişarla kəsmək, çəkiclə vurmaq, qumla qarışdırmaq, drellə qazmaq və ya yapışdırmaq xatirinə mişarla kəsib, çəkiclə vurub, qumla qarışdırıb, drellə qazıb və ya yapışdırmamışdır. Ağac emalının nəticələrinin gözlədiklərindən daha pis olduğu nadir hallarda (məsələn, kitab rəflərinin əyri olması və ya mətbəxdə kəsmə taxtasının estetik cəhətdən cəlbedici olmaması) onlar məyusluq hissi keçirirdilər. Qüsurlu məhsulların əldə edilməsinə sərf olunan vaxt və səyləri israf kimi qiymətləndirirdilər.

Beləliklə, iqtisadçı bu reallığa əsaslanaraq belə bir nəticəyə gəlir ki, istehsal sadəcə olaraq resursları məhsula çevirmək üçün insan səyinin tətbiqi deyil. İstehsal dəyərin yaradılmasıdır. “Dəyər” dedkdə istehlakçının rifahının artırılması nəzərdə tutulur. İqtisadçıya görə, istehsal və istehlak eyni iqtisadi sikkənin iki üzüdür; onların birini digərindən ayırmaq mümkün deyil. Aydındır ki, istehsal olunmadıqca heç bir şey istehlak edilə bilməz. Lakin eyni zamanda, daha az açıq şəkildə, istehlak tələblərini qarşılamaq üçün nəzərdə tutulmadığı təqdirdə heç bir şey istehsal olunmur.

İqtisadçı olmayan şəxs çox vaxt istehsal və istehlak anlayışlarının ayrılmazlığını nəzərdən qaçırır. İqtisadçı olmayan şəxslər çox vaxt istehsal və istehlakı alternativ, bir-biri ilə rəqabət edən dəyərlər kimi başa düşür. Kiminsə iqtisadçıları və xüsusən də, azad bazarları dəstəkləyən iqtisadçıları insanlara səthi və ya həddindən artıq materialist baxışda ittiham etdiyini neçə dəfə eşitdiyim və ya oxuduğumun sayını itirmişəm. Bizə,- “Həyat sadəcə istehlakdan ibarət deyil!”, “İnsanlar ailədə, cəmiyyətdə və işdə də məna tapırlar!”,- deyildi.

İqtisadçı olmayan şəxslərin əksəriyyəti hesab edir ki, “istehlak” sözü yalnız fiziki tələbatların ödənilməsi mənasına gəlir. Buradakı söz demək olar ki, mənfi konnotasiyaya malikdir; özü və yaxın qohumlarından başqa şəxslərə və ya əsas şəhvətli məmnuniyyətdən kənar dəyərlərə məhəl qoymayan, şəxsi mənfəətini güdən və dar düşüncəli şəkildə özünün “əhəmiyyətsiz” istəklərini təmin edən şəxslərin obrazlarını canlandırır.

Bu “istehlak” anlayışına görə, həyat, həqiqətən də, sadəcə istehlakdan ibarət deyil. Ancaq yenə də bu “istehlak” anlayışı iqtisadçıların anlayışına qəti şəkildə uyğun gəlmir. İqtisadçıların fikrincə, istehlak yalnız yemək, “Super Bowl” izləmək və özünü zinət əşyaları ilə bəzənməyi ehtiva etmir. İstehlak həmçinin təhlükəsiz və inkişaf edən icmalarda yaşamaqdan, işimizdən zövq almaqdan, qonşularımız, kilsə üzvlərimiz və həmkarlarlarımızla xoş ünsiyyətdən əldə etdiyimiz məmnunluğu da əhatə edir. Bura həm də səyahət etmək, oxumaq və ictimai mühazirələrə qatılmaqdan əldə edilən xoşbəxtlik hissi və bilik daxildir.

İstehlak, iqtisadçıların başa düşdüyü kimi, həyatımıza birbaşa dəyər qatacağını gözlədiyimiz geniş fəaliyyətlər spektridir. İstehsalın istehlakı təmin edən zəruri vasitə olması faktı danılmazdır. Bununla belə, məhz istehsal vasitə, istehlak isə məqsəd olduğu üçün istehlakın “ictimai dəyəri” ilə istehsalın “ictimai dəyəri” arasında heç bir ziddiyyət yoxdur. İstehlakın artması daha çox istehsal və istehsalın artması isə daha çox istehlak tələb edir.

Bu səbəbdən də, heç kəs istehsal fəaliyyətinə daha yüksək, istehlak fəaliyyətinə isə aşağı dəyər təyin etmək istəməz; daha çox istehsal mütləq şəkildə daha çox istehlakın təmin edilməsi deməkdir. İnsanlara “yüksək dərəcədə məhsuldar” olduqları üçün heyran olmağımızın səbəbi məhz özlərinin və ya başqalarının istehlakı üçün çoxlu sayda mal və xidmət istehsal etmələridir. Saatlarla və böyük zəhmətlə çalışan bir işçinin qətiyyətinə və bacarığına heyran qalsaq da, nəticədə, bu heyranlığın əsasında belə qətiyyət və bacarığın tətbiqinin gələcək istehlak üçün arzu olunan məhsulların əldə edilməsinə təkan verdiyini başa düşməyimiz dayanır. Heç kəs saatlarla, zəhmət və məharətlə yonqar və qurdlardan piroqlar hazırlayan bir işçiyə heyran qalmayacaq, çünki belə bir işçinin insanların istehlak imkanlarını artırmaqda heç bir faydası yoxdur.

“İstehsal etmək” “insanların istehlak imkanlarını artırmaq” mənasına gəldiyindən Adam Smit düzgün vurğulayır: istehlak, həqiqətən də, bütün istehsalın yeganə sonluğu və məqsədidir.

Bu məqalə  Donald J. Boudreaux və Amerika İqtisadi Tədqiqatlar İnstitutunun icazəsi ilə istifadə edilib və “Creative Commons Attribution 4.0 International License” ilə lisenziyalaşdırılıb. Məqalənin orijinalını burada tapmaq mümkündür.