Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəHekayəmizLayihələrKitabı əldə edinKitabxanasıŞəbəkə

İqtisadiyyat sizə çətin adamların öhdəsindən gəlməkdə kömək edir ...özünüz də daxil olmaqla.

İqtisadi Təhsil Fondunun
1 yanvar 1970

30 dəqiqə sonra mühüm görüşünüzün olduğunun fərqinə vararaq yuxudan oyanırsınız. Çarpayıdan qalxaraq paltarınızı geyinib, açarlarınızı götürüb çölə çıxırsınız. Yolun yarısına çatanda maşınınızı görürsünüz.

Kimsə maşınınızın şinlərini deşib.

30 yaşlı startap qurucusu olsanız da, birdən kobud bir adama çevrilirsiniz. “Xuliqanlar! Avaralar! Onlar nə vaxtsa əlimə düşsələr, onları..."

Daha sonra dayanırsınız və qəribə sakitlik yaranır. Bu, sizin təsirini göstərməyə başlayan meditasiya təcrübənizdir? Yox, baxışlarınızdan sakitlik deyil, maraq və qətiyyət sezilir.

Bu, bir zen anı deyil, iqtisadiyyatdır.

Uydurulmuş kimi səslənir? Əslində, xeyr. İqtisadi düşüncə tərzi həyatın çətinliklərinin öhdəsindən gəlmək üçün güclü bir vasitə ola bilər. Həqiqətən, hətta iqtisadiyyatın şəxsi inkişafın bir forması olduğunu da deyə bilərik.

Fəaliyyət anlayışı

İqtisadiyyatın əsasını insan fəaliyyəti, yəni məqsədyönlü davranış konsepsiyası təşkil edir. Fəaliyyət insanın təşviqlərdən təsirlənmiş istəklərinə əsaslanan məqsədlərə nail olmağa sövq edir.

Və bütün bu fəaliyyətlər nə qədər yanlış və natamam olmasından asılı olmayaraq, mövcud məlumata və nə qədər yanıldıcı və qüsurlu olsa da, səbəb-nəticə ilə bağlı fikirlərə əsaslanması baxımından məntiqlidir.

Bu olduqca sağlam düşüncə kimi görünsə də, biz çox vaxt bu kimi həqiqətləri nəzərə almırıq. Hər hansı birinin problemli davranışı ilə qarşılaşdıqda, çox vaxt əqli qüsurlar və ya bu davranışın qəbul edilmiş absurdluğu üzərində dayanırıq. “O, sadəcə bir canavardır”. “O, sadəcə məntiqsizdir”. “Onlar sadəcə bir dəstə axmaqdırlar”.

Olduqca ekstremal bir nümunə olaraq 11 sentyabr hadisəsindən sonra və Əfqanıstan müharibəsinin başlanğıcında mətbuatda yüksək rütbəli ABŞ generalından Üsamə bin Ladenlə bağlı fikirləri soruşulduqda o yalnız “O, dəlidir” cavabını verə bildi. Cavabda terrorçunun dəhşətli və ədalətsiz motivləri və ya səbəbləri haqqında heç nə deyilmir. Onun insanlıqdan uzaq olan strategiyası haqqında heç nə deyilmir. Sadəcə, "O, dəlidir." Bu kimi öldürücü düşmənin qiymətləndirilməsinə belə kobud yanaşma ilə terrorla müharibənin acınacaqlı şəkildə uğursuzluğa düçar olması heç də təəccüblü deyil.

Belə bir cavab insanın özünü üstün və özündən razı hiss etməsinə səbəb ola bilər, lakin əslində bu, onu zəiflədir. Bu, bütün təhlilləri, anlayışları, həll yollarına doğru bütün irəliləyişləri gözlənilmədən dayandırır. Bu, ümumiyyətlə başqalarına hər hansı bir təsir göstərmək əvəzinə ümidsizliyə səbəb ola bilər. Və bu, subyektlərlə effektiv qarşılıqlı əlaqə üçün vasitələri kəskin şəkildə azaldır. Ağılsız, qeyri-insani əngəldən başqa bir şey hesab edilməyən fərdlərdən yalnız ya uzaq gəzmək, ya da güc hesabına onların öhdəsindən gəlmək lazımdır.

Ofisdaxili intriqaların həll edilməsi

Bəs müzakirə ediləcək heç bir seçim yoxdursa, onda necə? Məsələn, çıxmaq istəmədiyiniz bir işdə sizə quyu qazmağa çalışan bir iş yoldaşınızla qarşılaşsanız, necə olar? Siz ondan şkafın içində gizlənə bilməzsiniz. “Wanted” (“Axtarılır”) filmində Ceyms Makevoyun Kris Prettə etdiyi kimi, klaviaturanı onun üzünə çırpa bilməzsiniz. İqtisadi düşüncə tərzi olmadan, edə biləcəyiniz tək şey hiddətlənməkdir. Ola bilsin ki, bunun əvəzində “The Office” (“Ofis”) serialında Cim Halpertin Duayt Şrutun steplerini jelenin içərisinə qoyması kimi onun həyatını miskin vəziyyətə gətirməklə kiçik təsəlli tapa (hətta bir az əylənə) bilərsiniz.

İqtisadiyyat bizə xatırladır ki, nə qədər qüsurlu, dəyişkən, pis olmalarından asılı olmayaraq, bütün insanlar istəklərə, məlumatlara və təşviqlərə görə hərəkət edirlər. Odur ki, kimsə sizi məyus etdikdə hörmətsizlik və mühakimə etmək əvəzinə, bu istəklər, məlumatlar və təşviqlərlə mübarizə aparmağa və onları dəyişdirməyə cəhd edin.

Nə üçün o iş yoldaşınız sizin quyunuzu qazmağa çalışır?

Ola bilsin ki, onun istəkləri fəal və bərabər səlahiyyətlərə malik komandanın bir hissəsi olmaqdansa, şəxsi karyerasının inkişafına yönəlmişdir.

Ola bilsin ki, bu cür istəklər şirkətinizin özəl müştərilərdən uzaqlaşaraq dövlət müqavilələrinə doğru yönəlməsi faktından irəli gələn təşviqlərlə formalaşır. Beləliklə, şirkət daha çox bürokratik və iyerarxik olur, səmərəlilik və xidmətə daha az diqqət yetirir. Belə bir vəziyyətdə onun vəzifəsinin yüksəlməsini birgə dəyər yaradılmasından üstün tutması heç də təəccüblü hal deyil.

Ola bilsin ki, həyat təcrübələrindən əldə etdiyi məlumatlara əsasən, onun üçün karyera pillələrini qalxmağın yeganə yolu başqasını aşağı çəkməkdir.

İndi onun nə üçün belə etdiyi barədə bir fikrə sahib olduğunuz üçün bu istəkləri, məlumatları və təşviqləri dəyişdirə bilib-bilməyəcəyiniz haqqında düşünə bilərsiniz.

Siz Baş icraçı direktorunuzu dövlət müqavilələrinin korporativ mədəniyyətinə pis təsir etdiyinə və şirkətin özəl müştərilərə qayıtmalı olduğuna inandırmaqla təşviq strukturunu dəyişdirə bilərsinizmi?

Layihələrindən birində ona kömək etməklə və beləcə, ona karyera üçün əməkdaşlığın faydasını göstərməklə rəqibinizdə istək dəyişikliyi yarada bilərsinizmi?

Ona karyera quracağı və iş həyatını zənginləşdirəcək şeyin CV-yə yanlış və şişirdilmiş faktlar əlavə etmək əvəzinə, dəyər yaratmaq olduğunu açıqlayan kitab tövsiyə edərək onun məlumatlarını dəyişə bilərsinizmi?

Həyatı asanlaşdıran həll yolları

İqtisadi düşüncə tərzi də bəzən ən pis düşməniniz ola biləcək biri, yəni özünüzlə daha yaxşı mübarizə aparmağa kömək edə bilər**.**

Əksərən özümüzü başqa insanları qiymətləndirdiyimiz kimi yenə mühakimə üzərində dayanaraq kobud və səmərəsiz şəkildə qiymətləndiririk. "Mənim münasibətlərim uğursuz olur, çünki mən sadəcə pis insanam." "Mən arıqlaya bilmirəm, çünki iradəm yoxdur." "Karyera haqqında yaxşı qərarlar qəbul edə bilmirəm, çünki mən axmağam".

Bu, necə də mənasız bir qiymətləndirmədir!

Yenə də, bütün digər insanlar kimi, siz də istəklərə, məlumatlara və təşviqlərə görə hərəkət edirsiniz. Bu səbəblə, özünüzə nifrət etmək əvəzinə, bu istəklər, məlumatlar və təşviqləri necə qaydaya sala biləcəyiniz barədə fikirləşin.

Seçimlərinizi dəyişdirmək üçün məlumatlarınızı necə qaydaya sala bilərsiniz? Ola bilsin ki, seçdiyiniz pəhriz sabit deyil və hər zaman aclıq hiss etmədən davam edə biləcəyiniz pəhriz tapmaq üçün araşdırma etməlisiniz. Ola bilsin ki, sizin və partnyorunuzun münasibətiniz üçün uyğun olmayan gözləntiləri var, ona görə də bunu müzakirə edərək bir-birinizi başa düşməlisiniz.

İstəklərinizi tənzimləmək üçün təşviq strukturunuzu necə qaydaya sala bilərsiniz? Evdə qalmaq özünüzə olan inamınızı azaldır? Niyə çölə çıxmırsınız? Məktəbdə olmaq sizin təşəbbüsünüzü və sahibkarlıq hissinizi məhv edir? Niyə məktəbi tərk etmirsiniz? DMV və yaxud başqa bir dövlət idarəsindəki işiniz sizi tənbəlləşdirir və ya kobud birinə çevirir? Niyə işdən çıxmırsınız?

Patologiyadan oyuna

Özünüz və başqaları ilə normal olmayan varlıqlar, məntiqsiz, inadkar bədheybət kimi rəftar etsəniz, həyat böyük düşüncəsiz həşəratların içərisindən keçmək kimi əzabverici və dözmək məcburiyyətində olduğunuz darıxdırıcı işə çevriləcək.

Bəşəriyyətə iqtisadi prizmadan yanaşaraq özünüzü və başqalarını düzgün şəkildə dinamik istəkləri, məlumat və təşəbbüsləri olan məqsədyönlü varlıqlar kimi görsəniz, həyat oyuna çevrilir. Bu yaradıcılıqla bağlı çətinliklərlə dolu olan çox oyunçulu oyunda ən yaxşı strategiya dost qazanmaq və insanlara təsir göstərməkdir.

Bu məqalə “Creative Commons Attribution 4.0” beynəlxalq lisenziyasının şərtləri əsasında Dan Sançes, İsaak M. Morehaus və İqtisadi Təhsil Fondunun icazəsi ilə istifadə edilib. Məqalənin orijinalını burada tapmaq mümkündür.